Fərdi inkişaf: Universitet illərini necə dəyərləndirməli ?
2 il 7 ay
Universitet illərini necə dəyərləndirməli ?
Müasir Dünyamızın sürətlənən inkişafı daima yüksəlişdədir. Yeni innovasiyalar, müxtəlif sistemlər, ayrı-ayrı fərqli sahələrdə əməkdaşlıq əlaqələrinin meydana gəlməsi və s. əksərən rastlaşdığımız hallardandır. Bu yeni standartlar təbii ki yenilikçi dünya görüşünə sahib, inkişafa meyilli, bacarıqlı gənclər tələb edir. Biz gənclər isə yüksək faizli nəticə ilə özümüzü dərk və kəşfi universitet dönəmlərində tələbə olarkən qazanmış oluruq. Heç özünüzə demisiniz ki “Minlərlə hətta bəlkə yüzminlərlə gənc arasından seçilən mən olmalıyam”, ardınca əlavə olunur sual, niyə məhz mən seçilmişlər arasında tək seçilən olmalıyam ? Bunu şərtləndirən hansı keyfiyyətlərə sahibəm, özümə nələr qazandırmışam? Elə isə burada sənin üçün yazdıqlarımı oxumağa davam et dostum, çünki dəyərləndirməli olacağın uzun bir universitet dönəmin hələ qarşıdadır.
İnkar edilməz bir həqiqətdir ki gənclər öz təhsil aldığı universitetlə qürurlanır və bu adın onlara peşəkar inkişaflarında təsir göstərmə gücünün olduğuna inanırlar. Bircə universitet onların fəxr mənbəyidir ki artıq mən hər şey əldə etmişəm, geridə qalanı diplomun prestijli olması ilə mütləq həll olacaq. İlk öncə bu fikri tərk edin ! Bu düşüncələr sizi məğlubiyyətdən başqa heç bir yerə aparmayacaq. Peşəkar sahədə istiqamət almaq istədiyiniz zaman insanlar sizin hansı universitetdən hansı diplom ilə məzun olduğunuza baxmayacaq. Təbii ki təhsil səviyyənizi önəmlidir lakin, sizin özünüzə qazandırdığınız şəxsi təcrübələriniz onların diqqətini daha çox cəlb edəcəkdir. Məsələn, təsəvvür edin ali təhsilin kifayət etdiyini düşünən bir gənc zamanını sadəcə evdən universitetə, universitetdən evə rejimi altında keçirir. Özünə ixtisasına xas maraq dairələri yaratmır, əlavə araşdırma və oxu işləri aparmaq ona əsas bir nüans kimi görünmür. Təhsil almış olduğu şəhərin gəzintisinə çıxmır, sosiallaşmır, çünki ona mövcud olduğu şərait rahat bir əhatə kimi görünür. Beləcə universitetə qəbul olduğunuz yaşda qalırsınız, heç bir inkişaf, yenilik və təcrübələr olmadan zamanınızın dəyərini itirirsiniz.
▪️ Gəzin !
Təhsil aldığınız şəhəri kəşfə çıxın, tarixi məkanları araşdırın, əyani olaraq müşahidələr aparmaq üçün həmin məkanlara yollanın. Muzeylərə gedin, ekskursiya və kampinglərə, festivallara qoşulun. Yeni məkanlar,yeni insanlar yeni sabahlara aparır, unutmayın. Oxuduqlarınız ilə gördükləriniz birləşəndə biliklər sizinki olacaq.
▪️ Tanış olun !
Sizi tanıyan və sizin tanıdıqlarınız ənənəvi əhatənizdən başqa özünüzə yeni çevrələr qazandırın. Başqa insanlarla tanış olmaqdan çəkinməyin. Seminar, tədbir və vebinarlara qoşulun. Özünüzdən daha təcrübəli gənclər, o cümlədən peşəkar simalarla həmsöhbət olmağa çalışın. Sirri olan əsas prinsiplərdən birini də sizlərlə bölüşürəm. Əziz Gənclər, harasa gedəndə yalnız olmaqdan qorxmayın. Ola bilər məkanı tanımırsız və özünüzə yol yoldaşı axtarırsınız. Bəzən axtarmayın. Açın Google Map, ünvanı daxil edin və getdik ! J Bunu niyə deyirəm? Tanış olduğunuz insan hər hansı bir tədbirdə sizinlə sadəcə ünsiyyətdə olacaq və siz də eynilə, lakin yalnız olduqda özünüz məcbur olacaqsınız ki tanımadığınız insanlarla ünsiyyətə daxil olasınız. İnanın mənə bütün bu faydalı münasibətlər sizə müsbət təsir göstərəcək.
▪️ Kitab oxuyun!
İncə bir məqam, bu müddəa bizə deyir ki dərs kitablarından əlavə kitablar oxuyun. Öz ixtisasımız üzrə müxtəlif mənbələrə nəzər yetirin, kitabxanaya gedin, yeni müəlliflərin əsərləri ilə tanış olun. Heç bir halda bu kifayət deyil, çünki beynimizi qidalandırdığımız kimi ruhumuzun da qidalanmağa ehtiyacı var. Məhz buna görə də bədii ədəbiyyata yer açın. Klassiklər ilə tanış olmadan oxucu qabiliyyətiniz sizi qane etməsin ! Azərbaycan Ədəbiyyatına nəzər yetirin, çünki orada yazılanlar xalqımızın oçerkləridir.
▪️ Fikirlərinizə diqqət edin!
Heç bir parkda skamyada əyləşəndə, ictimai nəqliyyatda ikən yol gedəndə, hətta evdə asudə vaxt zamanı sadəcə olaraq bir masa arxasında oturanda, yaxud pəncərə önündə dayanıb çölü izləyərkən ağlına yeni fikirlər, özündə kəşf etdiyin fərqli ideyalar ilə qarşılaşmısan? Əgər belə situasiya içərisinə daxil olmusansa, fikir qığılcımları artıq sənin zehnində dolaşır deməkdir. Sevin, dostum J Həyat və gündəlik hadisələr səni düşünməyə sövq edirsə, bunlara diqqət et. Hər zaman sənə yaxınlıqda olacaq bir dəftər, qələm olsun. Düşündüklərin, etmək yaxud etməmək istədiyin nə varsa qeyd et. Ola bilər etmək istədiyin bir şeyi an etibarilə reallaşdırmaq gücündə olmayasan, lakin unutma hədəfinə kiçik-kiçik addımlarla irəliləməyə başlasan namümkünlər mümkünə çevriləcək ! Həm sənə bununla bağlı maraqlı bir məlumat çatdırım. Yazıçı, psixoloq, filosof Rövşən Abdullaoğlu gənclik illərində ətrafında müşahidə etdiyi, ağlına gələn yenilikçi fikirləri, təcrübələrini öz dəftərinə qeyd edirmiş, zaman keçdikcə bunlar artıq bir kitaba daxil ediləcək mənbə rolunu oynamağa başlayıb və bu gün müəllif əsərlərində dünən yazdığı hər bir cümlənin təsiri olduğunu söyləyir.
▪️ Çalış!
“Mənim dərslərim çoxdur, zamanım yoxdur, haradasa işləyərək vaxtımı itirə bilmərəm “. Bu cümlə sadəcə bir bəhanədir. Hər birimizin boş zamanı olur və biz bunu dəyərləndirə bilirik. Vaxtı çatdırmayacağımız üçün çalışmağa etiraz edirik, hərçənd boş vaxt tapan kimi sosial mediaya hesablarımızda, telefonda vaxt itiririk. Bir çox gənc isə yalnız öz ixtisasına xitab edən işlərdə çalışa biləcəyini vurğulayır və bunu şərtləndirir. Əziz dostum, unutma ki sən təhsil alırsan və tələbə ikən, gənclik illərində fərqli sahələr üzrə könüllü görəcəyin iş sənə bir çox təcrübə qazandıracaq. Çəkinmə və çalış, yeni insanlar tanı, cəmiyyətə qarşı, insan psixologiyası ilə tanış ol. Bu gün çalışacağın iş sabahkı peşəkar sahədəki işin üçün sənə mane deyil.
Sürətlə axıb gedən gənclik illərinizdə universitet dönəminizi boşa verməmək üçün durmadan, tükənmədən çalışmaq lazım olduğunu unutmayın, ötən günə gün çatmır, “kaş ki” deməmək üçün bütün fürsətlərdən yararlanmağa tələsin! Uğurlar! J
Müəllif: Nəzrin Tahirli
Dünya: Kosmanavt həyatına nəzər
Kosmonavt həyatına nəzər Astronavt və ya kosmonavt - kosmos tədqiqatlarında...
DÜNYANIN ƏN UZUN VƏ MÖVCUD OLMAYAN YEGANƏ FİLMİ: AMBİANS
72 saatlıq bir treyleri olan və izlənilməsi aralıqsız bir ay davam edəcək filmin ...
Messi VS Maradona: Tarixin Ən Uğurlu Futbolçusu Kimdir?
Brainpriz-də bu ay futbol mövzusuna yer veriləcək, deməli, bu gün futbol tarixində...