Apple və onun texnologiya uğuru
2 il 7 ay
Apple və onun texnologiya uğuru
Texnologiya-hər daim inkişaf edən özünü təkmilləşdirərək həyatımızı insanlığın əli ilə dəyişən sektordur. Həmçinin texnologiya bir növ bizlərə insan zəkasının nə dərəcə qüvvətli olduğunu, yaradılan ideyaların əzmkarlıq və möhkəm əsaslı səylər nəticəsində gerçəkləşdirməyin mümkünlüyünü öyrədir. Müasir zaman dilimindən asılı olmayaraq texnologiya sahəsi insanların həyatı ilə əlaqəli olduğu üçün illər ötsə belə köhnəlməyərək diqqət mərkəzində olmağa davam edir.
Sual olunur: Bəs bu sərhədsiz səyahət hamı üçün əlçatandırmı? Məsələn, indi sizə desəm ki, evimin qarajında bir şirkət quracağam və bu şirkət illər sonra dünya texnologiya sisteminə nüfuz edəcək və gətirmiş olduğu yeniliklər ilə bütün standartlaşmış üslubları dəyişəcək, beləcə dünyanın ən məşhur texnoloji şirkəti olacaq. Bütün bu ifadə etdiyim cümlələr sizə nə dərəcə inandırıcı gələrdi ? Sözsüz, yəqin ki bir çoxunuz xəyallar aləminə səyahət etdiyimi və bu işin nəticəsiz qalacağını düşünərdiniz. Lakin bu gün mən sizə reallıqdan, 1 aprel 1976-ci il – Apple şirkətinin təsis edilməsi tarixindən bəhs etmək istəyirəm. Hansı bu hekayəni yazanlar- Stiv Cobs, Stiv Voznyak, Ronald Uayn bütün bu bəhs etdiyim hekayəni yazmış və yaşatmışdır. Bəli, sadəcə üç şəxs hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompüter firmasının əsasını qoymağa müvəffəq oldular.
Stiv Cobs və Stiv Voznyak oxuduqları təhsil müəssisəsindən tanış idilər, ikisinin də texnologiyaya xüsusi marağı var idi. Xüsusilə Stiv Voznyakın texnoloji sahədə mühəndislik, elmi bilik və bacarıqları, Stiv Cobsun isə marketinq, ticarət və satış üzrə qabiliyyəti bu möhtəşəm kompozisiyanın ərsəyə gəlməsinə şərait yaratmışdır. Çox keçmir ki onların arasına Ronald Uayn da daxil olur. Onlar təşkil etdikləri bu yeni şirkətdə insanların kompüterlərə baxış tərzini dəyişdirmək məqsədini əsas vəzifə kimi gətirdilər. Cobs və Voznyak kompüterləri insanların evlərində və ya ofislərində daha rahat və əlçatan olması üçün kifayət qədər kiçik etmək istəyirdilər. Sadə dillə desək, onlar istifadəçi dostu kompüterlər dizayn etmək istəyirdilər. Nəhayət 3 yanvar 1977-ci ildə “Apple I” adını verdikləri ilk Apple marka kompüter qururlar. Bu kompüter 200 ədəd hazırlanır, hamısının satılmasına müvəffəq olurlar. Tam bu məqamda Stiv Cobs və Stiv Voznyak’ın illər sonra vermiş olduqları müsahibədə uğur əldə etmələrinə səbəb olan bir-birlərini mükəmməl şəkildə tamamladığını söyləmələri yada düşür.
Maraqlıdır, niyə məhz “apple” ? 1984-cü ilin dekabrında “Byte” jurnalına danışan Voznyak bu ideyanın Cobsdan qaynaqlandığını hesab edirdi. 'O, vaxtaşırı Oreqon ştatındakı meyvə bağlarında işləyirdi. Düşündüm ki, bu, bağda almaların olması və ya sadəcə meyvələrin olması ilə əlaqədardır. Bəlkə də bu söz onun ağlına gəlib. Hər halda, biz hər ikimiz daha yaxşı adlar tapmağa çalışırdıq, lakin Apple-ın adı çəkildikdən sonra heç birimiz daha yaxşı bir şey düşünə bilmədik.' Stiv Cobsun tərcümeyi-halına görə, bu adı Cobs alma fermasından qayıtdıqdan sonra düşünüb.
Bu adın ehtimal ki, A hərfi ilə başlamağın faydası oldu, yəni hər hansı bir siyahının önünə daha yaxın olardı. Təbii ki təyin edilmiş ad təsvir olaraq özünəməxsusluğu loqotip tələb edirdi. Əvvəla, bu loqo Apple ilə tanınsa da, İsaak Nyutonun ağacın altındakı təsviri əslində ilk Apple loqosu idi. Məlum olduğu kimi, əfsanəyə görə, fizik, riyaziyyatçı, astronom, ixtiraçı, filosof və ilahiyyatçı Nyuton ağacın altında oturarkən başına alma düşüb və o, cazibə qüvvəsini belə kəşf edib. 1976-cı ildə isə Apple-ın loqotipinin dizayneri Rob Canoff bu loqo əvəzinə dişlənmiş alma loqosu hazırladı. Bu loqotipdə isə dişlənmiş alma üzərində rəngli zolaqlar var idi. Bəs niyə rəngli və dişlənmiş almaya üstünlük verilmişdi? Bununla bağlı bir sıra fərziyyələr mövcud olsa da loqotipin dizayneri Canoff 2009-cu ildə verdiyi müsahibə zamanı o, almanın pomidor və ya albalı kimi qəbul ediləcəyindən narahat olduğu üçün dişlənmiş formada olduğunu söylədi. Almanın rəngli təsviri olunmasına səbəb isə o dövrdə kompüterlərdə rəng funksiyaları yox idi və Apple fərqli olduğunu göstərmək istəyi idi. Son nəticədə isə günümüzdə boz rəngli dişlənmiş alma loqotipindən istifadə olunur. Bu günün rəqabəti hələ dünənki tarixdən yaranmışdı. Belə ki Stiv Cobs Apple loqosunu rəqabətdə irəli olmaq üçün rəqəmsallaşdırmaqda israr edirdi. Nəticə etibarilə buna nail olur, lakin xərci 50 min dollar təşkil etmişdir.
Apple-ın inkişaf yoluna nəzər yetirsək görürük ki, Apple I-dən sonra Apple II çox təsir edici qüvvəyə malik olur, çünki o plastik korpusa və rəngli qrafika malik ilk kompüter idi. 1980-ci ildə Apple III satışa çıxır və Apple kompüterləri xaricə satılmağa başlayır. 1979-cu ildə Stiv Cobs, 1983-cü ilin əvvəlində isə Con Skulli Apple şirkətinin sədri olur. Aralarındakı anlaşılmazlıq nəticəsində çox keçmir ki Cobs istefa verir. Cəmi 30 yaşı olan və qurduğu Apple-dan ayrılmalı olan Jobs elə həmin il NeXT Software adlı şirkəti qurur. 1986-cı ildə Corc Lukas ilə birlikdə yaratdıqları 10 milyon dollar kapitalla Pixar Animation Studios-u yaradır. Skulli idarəçiliyi mərhələsindən şirkətin arxalandığı iki məhsul xətti var idi: mətn əsaslı Apple II seriyası və qrafik istifadəçi interfeysi olan Macintosh. Macintosh-un ortaya çıxması ilə siçan ilə idarə olunan qrafik istifadəçi interfeysinə malik Apple IIGS bazara çıxdı. 1987-89-cu illəri uğurla keçən şirkət 2 milyard dolları keçən satış rəqəmlərinə nail oldu. Eyni dövrdə Skulli ən uğurlu layihələrindən birinə imza atdı və Sony ilə birlikdə PowerBook seriyasını yaratdı. Böyük uğur qazanan PowerBook, bir il ərzində 1 milyard dollarlıq satış rəqəminə nail oldu. 90-cı illərin daxil olması ilə Microsoft Apple üçün əhəmiyyətli bir rəqib olmağa başladı. Apple-ın bu dövrdə məhsulun idarə edilməsində uğursuzluğu və PowerPC əsaslı prosessorlar üzərində israrlı olması Windows əməliyyat sistemli kompüterlərə qarşı əhəmiyyətli bir dezavantaj yaratdı. Korporativ müştərilərini Microsoft-a itirən Apple üçün 90-cı illərə giriş kifayət qədər ağrılı idi. Bu uğursuz başlanğıcı PowerBook ilə müəyyən qədər aradan qaldırmağı bacaran Apple, portativ kompüterlərdə uğurunu daha da artırmaq məqsədi ilə 1993-cü ildə massagePad 100 planşet kompüterini istehlakçılara təqdim etdi. Bu arada, Avropa regional meneceri Maykl Şpindler Apple şirkətinin rəhbəri olmuş Skullinin yerinə təyin edildi. Spindler vəzifəyə gəldikdən sonra Apple işçilərinin 15 faizini işdən çıxardı və Mac OS əməliyyat sistemini Radius, Motorola və Power Computing kimi şirkətlərə lisenziyalaşdırdı. Lakin çox keçmir ki Spindlerin uğursuz cəhdləri onun idarəçilikdən uzaqlaşmasına gətirib çıxarır və beləliklə rəhbər olaraq Gil Amelio təyin edilir. Stiv Cobs 1996-cı ilin sonunda direktorlar şurasına daxil olur. Apple daxilində tam restrukturizasiyaya başlayan Cobs ilk onlayn Apple Store mağazasını açdı. Digər tərəfdən, Apple-ın ilk məhsul hücumu 1998-ci ildə buraxılmış müasir görünüşlü 'hamısı bir yerdə kompüter' olan iMac ilə oldu. iMac bir il ərzində düz 1 milyon ədəd sataraq, müştərilərin 43 faizi üçün ilk Apple kompüteri oldu. Bu uğuru 1999-cu ildə iBook ilə, Stiv Cobsla möhkəmləndirən Apple üçün qızıl dövr başlamışdı. Apple musiqi pleyeri bazarına 2001-ci ilin son rübündə iPod ilə daxil oldu. iPod ilə birlikdə gələn iTunes proqramı istifadəçiyə musiqi treklərini kompüter və iPod arasında sinxronlaşdırmağa kömək etdi. Onlayn musiqi mağazası olan iTunes Store 2003-cü ilin aprelində istifadəyə verilmişdir. İTunes Store ilə dünyanın ən böyük musiqi bazarının sahibi olan Apple, qısa müddətdə 10 milyon mahnı satdı. Apple üçün çox sərfəli bir sərmayə olan iTunes Store iPod-u da ən populyar musiqi pleyerinə çevirdi. Apple-ın telefon hazırlaması ilə bağlı şayiələr ilə başlayan təşəbbüs 2007-ci ildə iPhone-un satışa çıxarılması ilə nəticələndi. İPhone-un uğuru nəinki iPod-u üstələdi, həm də smartfonun konsepsiyasını həmişəlik dəyişdirdi. Apple üçün iPhone-un daha bir uğuru App Store oldu və açılışından bir həftə ərzində App Store-dan 10 milyon iPhone tətbiqi endirildi. İstehlakçı elektronikası sərmayələrində iPhone ilə kifayətlənməyən Apple, 2010-cu ildə iPad ilə yeni istehlakçı elektronikası inqilabı yaratmağa müvəffəq oldu. Planşet bazarını iPad ilə formalaşdıran Apple, planşetləri böyük bir bazara çevirdi və bu bazarın lideri oldu.
Tarixin sınaqlarından keçərək həyatına bir evin qarajında başlayan və qlobal bir şirkətə çevrildiyi zaman çətin iqtisadi dövrlərdən keçən Apple, yenilikçi yanaşması ilə inkişaf etdirdiyi məhsullarla dünyanın ən böyük texnologiya şirkəti olmağı bacardı. Bu gün Apple-ın gələcək inkişafındakı yeniliklər və ideyalar ilə bağlı bir fikir mübadiləsi aparmaq olduqca çətindir.
Apple şirkətinə uğurlar arzulayır, onların cəsarəti və əzmkarlığını isə örnək öz həyatlarımıza örnək olaraq götürməyimizi diləyirəm!
Müəllif: Nəzrin Tahirli
Dünya: “Çaplinin kommunist mələkləri”
Çaplinin kommunist mələkləriO, ziyalı ab-havası olan dilənçidir, diqqət yetirsə...
BİZİ DİGƏRLƏRİNDƏN FƏRQLƏNDİRƏN XÜSUSİYYƏTLƏR VƏ ÜSTÜNLÜKLƏR
XXI əsrin ən aktual məsələlərindən biri də internetvasitəsilə pul qazanmaqdır....
Müxtəlif dillər haqqında maraqlı və bilmədiyiniz faktlar
Viktorinaların, həmçinin Brainprizin sevimli mövzularından biri də dil mövzusudur....