Dünya: Qorxu filmləri niyə bizi cəlb edir?
2 il 7 ay
Qorxu filmləri niyə bizi cəlb edir?
Bakı Bulvarı. Qorxulu Ev. Nəhayət, qışqırıqlar kəsildi və biz attraksiondan düşdük. Sonsuzluğa bərabər olan o beş dəqiqənin dördünü gözüyumulu keçirsəm də, Qorxulu evin qarşısında hələ də öz sırasını gözləyən yaşıdlarımın o bilinməzliklərlə dolu vahiməli evdən yenicə sağ-salamat qayıtmış bizlərə zillənmiş qorxu və maraq qarışıq baxışları məndə qürur hisləri oyatmışdı. Bəli, biz sınaqdan üzü ağ çıxmışdıq, kefimiz yaman kök idi. Təbii ki, o zamanlar bunun bədənimizin daxilində gedən bir sıra proseslərlə əlaqəli olduğu barəsində heç bir fikrim yox idi. Əsas mövzuya keçid etməzdən əvvəl gəlin bədənimizin qorxuya necə reaksiya verdiyini nəzərdən keçirək.
Müasir insanlardan fərqli olaraq əcdadlarımız hər gün müxtəlif real təhlükələrlə üz-üzə qaldıqlarına görə bədənlərində qorxuya qarşı avtomatik cavab, yəni “ya döyüş, ya qaç” reaksiyası formalaşıb. Əcdadlarımızdan bizə miras qalan bu cavab reaksiyası zamanı simpatik sinir sistemi ürək döyüntülərimizin sürətlənməsinə, qan təzyiqinin artmasına səbəb olur, əzələlərimizə əlavə qan göndərir və beləcə, daha cəld hərəkət etməyimizə şərait yaradaraq bizi təhlükəyə hazırlayır. Bəzi araşdırmalara görə qorxulu film izlədiyimiz və ya bizə həyəcanverici təcrübə yaşadan attraksionlara mindiyimiz zaman beynimizin bir sıra hissələri bunu real təhlükə kimi qəbul edir və bu kimi vəziyyətlərdə də həqiqi təhlükə anında bədənimizdə baş verən fizioloji dəyişikliklərin eynisi baş verir. Bu səbəbdən, araşdırmaçılar düşünür ki, qorxu filmi izləyərkən real təhlükənin və real təhlükə zamanı oyanan hislərin bir növ simulyasiyasını yaşadığımız üçün bu, bizə gündəlik həyatda stressə və qorxuya səbəb olan faktorlarla daha rahat mübarizə aparmağımıza, həmçinin mənfi situasiyalarda hislərimizi idarə etməyimizə kömək edə bilər. Məhz bu fikirdən yola çıxaraq bəzi tədqiqatçılar təşviş pozuntusu və depressiya kimi mental xəstəliklərdən əziyyət çəkən şəxslərin travma və fobiyalarının müalicəsində qorxu filmlərinin rolunu araşdırmağa başlayıblar.
Qorxu filmlərinin terapiya üsulu kimi istifadəsinin müsbət cəhəti odur ki, təşviş pozuntusundan əziyyət çəkən şəxslər bu filmlər vasitəsilə öz qorxuları ilə üzləşir, filmi izlədikcə emosiyalarını nəzarət altına almağa çalışdıqları üçün real həyatda hiss etdikləri qorxu və stress kimi mənfi hislərin təsir gücünü azaltmağı öyrənirlər və bütün proses həmin şəxslər təhlükəsiz bir mühitdə ikən baş verir. Onlar öz komfort zonalarında izlədikləri filmi istənilən zaman dayandıra bildiklərinə görə filmin səbəb olduğu qorxu hislərinə də nəzarəti ələ keçirmiş olurlar. Beləliklə, həmin şəxslərdə qorxularını idarə edə bildiklərinə dair hissiyyat yaranır. Təsəvvür edək ki, bir şəxsin hörümçəklərə qarşı fobiyası var. Əgər o tez-tez izlədiyi qorxulu filmlərdə hörümçəklərin olduğu səhnələrə məruz qalarsa, davamlı olaraq qorxusu ilə üzləşdiyi üçün artıq real həyatda hörümçək gördüyü zaman hiss edəcəyi qorxu səviyyəsi azalır. Ancaq bunu əminliklə demək mümkün deyil. Araşdırmaçı Koltan Skrivner deyir ki, adətən, insanlar real həyatdakı narahatlıqları ilə heç bir bağlılığı olmayan qorxu filmlərindən zövq alırlar. Əks halda qorxuları ilə sıx bağlı olan bir film izləmələri həmin hisslərin yenidən baş qaldırmasına təkan verə bilər.
İnsanların qorxu filmlərindən terapiya üsulu kimi istifadə etməsinə ən maraqlı sübutlardan biri kimi koronavirus pandemiyası dövründə qorxu filmlərinin izlənmə sayının artmasını və bir çox yeni qorxu filmlərinin istehsalını misal çəkmək mümkündür. 2020-ci ilin dekabrında aparılan bir anketin nəticəsinə əsasən sorğuda iştirak edənlərin 42 faizi təşviş pozuntusu və depressiya simptomlarından əziyyət çəkdiklərini dilə gətirmişdilər. Əvvəlki il isə bu göstərici sadəcə 11 faizə bərabər idi. Pandemiya mövzulu triller- “Contagion” (2011) filmi koronavirus pandemiyası dövründə ABŞ-da “iTunes” üzərindən ən çox izlənilən filmlər arasına daxil olmuşdu. 2020-ci ilin mayında isə “Movies Anywhere” adlı rəqəmsal film platformasında əvvəlki ilin may ayı ilə müqayisədə qorxu filmlərinin satışı düz 194 faiz artmışdı. Ən maraqlı məqamlardan biri isə bundan ibarətdir ki, 2021-ci ilin yanvar ayında nəşr olunan və Skrivnerin baş müəllifi olduğu məqalədə pandemiya zamanı qorxu filmi həvəskarlarının digər insanlarla müqayisədə psixoloji cəhətdən daha dözümlü olduqları qeyd olunmuşdu.
Müəlif: Ceyran Abdullazadə
Dünya: Qorxu filmləri niyə bizi cəlb edir?
Qorxu filmləri niyə bizi cəlb edir?Bakı Bulvarı. Qorxulu Ev. Nəhayət, qışqırıq...
Dünyaca məşhur brendləri Brainpriz-də tanıyın və qalib olun.
Brainprizin sevimli mövzularından biri dəməşhur brendlərdir. Brendlər haqqında ma...
Fərdi İnkişaf: “Həyatdan qorxmayın, Kamal bəy.”
“Həyatdan qorxmayın, Kamal bəy.”Məşhur türk yazıçısı Orhan Pamukun “Məsu...