Azərbaycan: Muğam, meditasiya və daha çoxu
2 il 7 ay
Muğam, meditasiya və daha çoxu
Əgər indicə YouTube platformasında ingiliscə “mystic music for meditation” (meditasiya üçün mistik musiqi) sözlərini axtarışa versəniz, qarşınıza çıxan musiqi seçimləri arasında muğamı da görəcəksiniz. Bəlkə də, həmyerlimizin bu muğam ifalarını platformaya yükləyərkən videolar üçün belə bir başlıq seçməsindəki əsas məqsəd xarici ölkələrdən olan dinləyicilərin diqqətini çəkməkdən ibarət idi. Və bu, kifayət qədər uğurlu alınıb. Xarici dinləyicilərdən biri platformanın rəy bölməsində Mircavad Cəfərov tərəfindən udda ifa olunan şur muğamı barədə öz təəssüratlarını bildirərkən bu musiqinin sanki onu hipnoz etdiyini dilə gətirmişdir. Lakin, əziz dost, YouTube platformasının yaranmasından çox-çox əvvəl muğam artıq öz universal dəyərini sübut etməyi bacarmışdı. Necə?
1977-ci ildə NASA “Yerin səsləri”(“The Sounds of Earth”) adı verilən və içərisində amerikalı astronom və yazıçı Karl Saqanın başçılıq etdiyi komitə tərəfindən seçilmiş 27 musiqinin də olduğu qızıl plastinkanı (“The Voyager Golden Record”) kosmosa yollamışdır. İnsanoğlunun sərhəd tanımayan romantik ümidlərinin bir simvolu olan bu plastinka hələ də bizimlə bu kainatı paylaşıb-paylaşmadıqlarını bilmədiyimiz yadplanetlilərə Yer kürəsindən bir hədiyyə olaraq göndərilmişdi. Dünyanın müxtəlif mədəniyyətlərinin incisi olan digər 26 musiqinin yol yoldaşlarından biri də Azərbaycanın milli təfəkkürü və fəlsəfəsinin gözbəbəyi muğam idi. Bəli, bizim muğam, daha dəqiq desək, Kamil Cəlilovun ifasında Çahargah ahəngi Yer kürəsinin özünəməxsus melodiyalarından biri kimi planetimizin kosmosdakı nümayəndələrindən birinə çevrilmişdi! “Bəs bloqun başlığındakı meditasiya haradan çıxdı belə? Muğam hara, meditasiya hara?” deyənlər üçün gəlin yazımızın növbəti hissəsinə keçid alaq.
Yəqin ki, mənimlə razılaşanlar olar ki, uşaqlıqda nənə-babalarımızın muğam dinləməsi bəzilərimiz üçün sıxıcı fəaliyyətdən başqa bir şey kəsb etmirdi. Ancaq, bəlkə də, muğam dinləyərkən üz əzələlərinin necə rahatladığını, muğamın növündən asılı olaraq əhvallarının necə dəyişdiyini, bəzən sanki səslənsək eşitməyəcəklərmiş kimi gözlərinin həsrətlə keçmişə, yoxsa gələcəyə uzandığını bilmədiyimiz dərinlikliklərə zilləndiyini, bəzən isə nəvə-nəticəsinin şad günündə iştirak edirmiş kimi gözlərinin içinin parıldamasını xatırlayarsınız. Düşünürəm ki, günümüzün insanları üçün meditasiya hansı rolu oynayırsa, muğam da böyüklərimiz üçün eynilə gündəlik qayğılardan anlıq sıyrılmalarına kömək edən ruhani təmizlənmə üsulu olub və sözsüz ki, olmağa davam edir. Muğamın təsəvvüflə bağlılığı da məhz onun insan psixologiyasına və daxili dünyasına birbaşa təsirində özünü göstərir.
“Azərbaycan muğamı” (2009) filminin ssenaristi Şəhla Mahmudova muğamı keçmişin, bugünün və gələcəyin musiqisi adlandırmışdır. Həqiqətən də, muğam öz prinsiplərini saxlamaqla birlikdə eyni zamanda sənətkarın yaradıcılığına imkan verən və daim inkişaf edən ölməz bir sənət nümunəsi, sanki müstəqil mövcud olan .bir mədəniyyətdir. Son dövrlərdə xüsusilə Alim Qasımovun muğama yeni bir nəfəs bəxş edərək qlobal sferada onu uğurla təqdim etməsi danılmaz bir faktdır. Onun ən möhtəşəm performanslarından biri 1995-ci ildə Fransada keçirilən Müqəddəs Musiqi festivalında Amerikan musiqiçisi Jeff Buckley ilə olan dueti (“What will you say”) hesab olunur. Sözsüz ki, gəncliyin zövqü bir başqadır. Gənclər, adətən, qədimin müasirlə sintezinə üstünlük verir. Elə bu səbəbdən, muğamların müxtəlif musiqi janrları ilə birləşdirildiyi bir neçə mahnı tövsiyəsi ilə yazımı sonlandırmaq istəyirəm. Gənclər və gənc hiss edənlər, qoyun bu mahnılar sözün əsl mənasında ruhunuzu oxşasın və sizə muğamın hörmət və sevginizə layiq əsl dəyər olduğunu hər daim xatırlatsın:
1. Çingiz Adilov-Blues & Mugam Improvisation
2. Mansobase & Sohrab Pournazeri- Hicran
3. Mansobase-Moodreek
4. Mansobase-Peyman
5. Mansobase-Eshq
Müəllif: Ceyran Abdullazadə
Dünya: “Çaplinin kommunist mələkləri”
Çaplinin kommunist mələkləriO, ziyalı ab-havası olan dilənçidir, diqqət yetirsə...
ONLAYN VİKTORİNADA İŞTİRAK ET VƏ ELƏ İNDİ PUL QAZAN!
Müasir dövrün özüylə bərabər gətirdiyi xüsusiyyətlərdən biri də onlayn qaza...
Dünya: Qorxu filmləri niyə bizi cəlb edir?
Qorxu filmləri niyə bizi cəlb edir?Bakı Bulvarı. Qorxulu Ev. Nəhayət, qışqırıq...